GEC+Baku: Creative Industries tədbiri SABAH.city-də keçirilib

Oktyabrın 26-da SABAH.city-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sahibkarlar: əlaqəli dünyanın diplomatları” şüarı altında “GEC+Baku: Creative Industries” adlı beynəlxalq tədbir keçirilib. Tədbir sahibkarlığın beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası dialoqun gücləndirilməsində roluna həsr olunub.
Qlobal Sahibkarlıq Şəbəkəsinin Azərbaycan Respublikasının İqtisadiyyat və Mədəniyyət nazirlikləri ilə əməkdaşlığı çərçivəsində təşkil olunan tədbir dövlət, biznes və yaradıcı sənayelər nümayəndələrini bir araya gətirərək üç panel müzakirəsini əhatə edib. Açılış mərasimində SABAH.city-nin Baş icraçı direktoru Nihat Majidov çıxış edərək tədbirin əhəmiyyətini, sahibkarlıq və beynəlxalq əməkdaşlıq məsələlərinin aktuallığını vurğulayıb. Mədəniyyət nazirinin müavini Saadat Yusifova və digər çıxışçılar da mədəni və yaradıcı sənayelərin əhəmiyyətini, eləcə də iqtisadiyyatın şaxələndirilməsinə verdiyi töhfəni qeyd ediblər.
“Policy That Travels: Governmental Panel” adlı ilk panel sessiyasında sahibkarların sərhədlərarası fəaliyyətinə mane olan siyasət və tənzimləmə xarakterli baryerlər, hökumətlərin bu istiqamətdə həyata keçirdiyi həllər və onların effektivliyi müzakirə olunub. Sessiyada SABAH.HUB-ın Baş icraçı direktoru Rahim Bayramlı da digər iştirakçılarla birlikdə çıxış edib. Müzakirələr zamanı müxtəlif ölkələrin uğurlu siyasət təcrübələri, effektiv həllərin təşviqi yolları və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir sahibkarlığın və yaradıcı sənayelərin sərhədlərarası tərəfdaşlıqların qurulmasında, iqtisadiyyatın şaxələndirilməsində, eləcə də ölkələr və mədəniyyətlər arasında əlaqələrin möhkəmləndirilməsində rolunun müzakirəsi üçün platforma yaradıb.
Əlavə sualınız var?
Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq
Bizimlə əlaqə